Ön Söz

Hər bir işin ilki və hər bir yolun əvvəli çətin olur. Yola çıxmamış yolun sonunu, başlamadığın işin  nəticəsini görmək mümkün deyil.

Bir neçə il öncə, dünya kino sənayesinin inkişafında önəmli rolu olan aktyor menecmenti sistemini Azərbaycanda tətbiq edən ilk aktyor agentliyini təsis etdim.

Bu müddət  ərzində aktyor agentliyinin fəaliyyətinin əsas istiqaməti aktyorların təqdimatı, təmsil edilməsi və peşəkar hüquqlarının müdafiəsi oldu.Teatr, kino,serial və reklam sektorunda aktyorlarla  əməkdaşlıq münasibətlərində  fərqli  iş tərzininin və aktyor meneceri peşəsinin dünya standartları səviyyəsində Azərbaycanda tətbiq edilməsi üçün səy edildi. Gənc istedadların yetişdirilməsi, təqdimatı və tanıdılmasında, habelə teatr, kino, televiziya layihələrində prodüser fəaliyyəti həyata keçirildi.

Azərbaycanla yanaşı MDB məkanını, Avropa və Asiya ölkələrini əhatə edən fəaliyyətimiz, illər öncə çıxdığımız yolun, başladığımız işin nəticəsiz qalmayacaginı sübut etdi.

Sizə təqdim olunan  yeni web saytımız, milli kino sənayesinin qurulmasında atdiğımız ilk addımlara dəyər verən  Rüstəm İbrahimbəyovun peşakar dəstəyi və rəsmi tərəfdaşı olduğumuz Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyəsi ilə ərsəyə gəlib. Saytın kino, teatr, serial və reklam sektorunda çalışan peşəkarlar üçün faydalı internet resursu olacağına ümidvaram.

Milli kino sənayemizin inkişafında Azərbaycan aktyorlarının aparıcı qüvvə olaraq  formalaşmasına, həmrəy olacaqlarına  inanır və hər birinə uğurlar arzu edirəm.